“Neftçi”nin “Spartak”ı məğlub etməsi məni təəccübləndirdi” – Vaqif Cavadov

“Neftçi”nin “Spartak”ı məğlub etməsi məni təəccübləndirdi” – Vaqif Cavadov

AVRO-2020-də ¼ final qarşılaşmalarından ikisi geridə qaldı. Bu gün biri Bakıda olmaqla keçiriləcək iki oyunla bu mərhələyə yekun vurulacaq.

Bir vaxtlar həm "Qarabağ”da, həm də millidə sərgilədiyi oyunla azarkeşlərin qəlbində taxt qurmuş Vaqif Cavadovla söhbətimizə Avropa çempionatından körpü salıb, həm Mahir Emrelidən gözləntiləri, həm də klublarımızın avrokuboklara hazırlığına toxunduq.

Cavadovun Sport7.az oxucuları üçün verdiyi müsahibəni sizə təqdim edirik:

- Yəqin ki, AVRO-2020-ni izləyirsən. Hansı komandaların oyunu səni təəccübləndirib? Ümumiyyətlə, bu yarışla bağlı təəssüratların necədi?
- Əlbəttə ki, böyük maraqla Avropa çempionatının oyunlarını izləyirəm. İlk növbədə İtaliya millisi diqqətimi cəlb edir. Sözün düzü, onların nəticələrinə bir qədər təəccüblənirəm. Çünki həm oyun üslubuna, həm də taktiki gedişlərinə, xüsusən də sürətli oyuna meyl etmələrinə görə bizi təəccübləndirirlər. İtalyanları belə görməyə adət etməmişdik. İsveçrə millisinin naliyyətini də unutmayaq. Düzdü, onlar ispanlara uduzdular və artıq çempionatla vidalaşıblar. Amma unutmayaq ki, isveçrəlilər son dünya çempionları fransızlara qalib gəldilər. Sıradan bir nəticə deyil. İsveçrənin Fransa üzərindəki qələbəsi mənim üçün turnirin ən gözlənilməz nəticəsi idi.

- Səncə, millimiz möcüzə sayəsində bu çempionatın final mərhələsinə vəsiqə qazansaydı, orda özünü necə göstərərdi?
- Bunu demək çox çətindi. Ümid edək ki, nə vaxtsa Azərbaycan millisini bu səviyyəli turnirlərin final mərhələlərində görə biləcəyik. Bir məsələni unutmayaq ki, final mərhələsinə qədər yüksələ bilmək öz böyük nəticədir, səviyyə artımının göstəricisidir. Millimiz bunu bacarıb, həmin səviyyəyə yüksələ bilsə, orda yaxşı nəticələr qazanacağına inanıram. Bizə buralara qədər gəlmək üçün həm də futbol tanrısının köməyi lazımdı.

- Çox doğru vurğuladın, Vaqif. Heç şübhəsiz ki, milli komandanın yüksəlişi onun üzvlərinin yüksəlişindən keçir. Futbolçularımız xaricə getməli, daya səviyyəli çempionatlarda çıxış etməlidir. İndi Mahir Emreli həmin yoldadı. Onun "Legiya”dakı çıxışına qollarla başlaması ciddi ümidlər üçün əsas yaradırmı?
- Mənim Mahirə ümidim böyükdü. İnkişaf üçün legioner həyatı yaşamaq qaçılmazdı. Emreli də cəsarətli addım atıb, Polşanın sayılıb-seçilən komandalarından birinin üzvüdür. Yolu açıq olsun. Onun uğurlu çıxış etmək üçün böyük potensialı və təcrübəsi var. Qollarla başlaması da bunun göstəricisidi. Davamını gətirəcəyinə də inanıram. "Qarabağ”ın heyətində, milli komandayla böyük yol keçib, yetərincə təcrübə qazanıb. Onun hansı komandalara qarşı çıxış etdiyini hamımız bilirik. Bunun özü də böyük məktəbdir. Ən vacib məqam odu ki, Mahir zədələrdən uzaq olsun, özün yoluna xəta-bəladan uzaq davam etsin. Uğurlu olacağına inanıram. Bununla da hamımızı sevindirəcək.

- Klublarımızın avrokuboklara hazırlığı barədə düşüncələrin necədir. Hamımızı çox tezliklə böyük imtahan gözləyir...
- "Neftçi”nin yoxlama görüşündə olsa belə, "Spartak”ı məğlub etməsi məni xeyli təəccübləndirdi. Çox yaxşı nəticədi. Bu qələbə futbolçular üçün əlavə motivasiya mənbəyinə çevriləcək. "Spartak”a qalib gəlmək sıradan hadisə deyil. Düzü, digər klublarımızın hazırlıq prosesi haqda elə də geniş məlumata malik deyiləm. Yəqin ki, bu da onların hazırlığa yeni başlamasından irəli gəlir. "Neftçi” üçün isə mövsüm daha tez başlayacaq. "Dinamo”yla görüş Azərbaycan çempionu üçün əsl imtahandır. "Keşlə” üçün də "Soçi”ilə görüş çətin keçəcək. Bu mənada "Qarabağ”a ötən illərdə yığdığı təcrübə kömək edəcək. İlk oyunlara qədər yaxşı hazırlaşmaq, səviyyəli rəqiblərlə yoxlama görüşləri keçirmək lazımdı. Hər şeyə məhz onda qiymət vermək daha doğru olar. Əminəm ki, klublarımızın baş məşqçiləri bütün incəlikləri nəzərə alacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR