O gözəl Ukrayna...

O gözəl Ukrayna...

"Mən öləndə məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna -
Onun daşında,
onun torpağında, geniş çölündə
Mən öləndən sonra görüm nələr var?
Görüm, Dneprin şən sahilində
Nədən söhbət açır quduz dalğalar?" (Taras Şevçenko)

Taras Şevçenko təxminən iki əsr bundan əvvəl indi dillər əzbəri olan bu misraları qələmə almışdı. Üzərindən 200 ilə yaxın keçib, amma onun qızıldan dəyərli bu misraları hələ də dillər əzbəridi. Özü də təkcə Ukraynada yox, onun sərhədlərindən xeyli uzaqlarda da. Dünyanın dörd bir yanında o gözəl Ukraynanı, onun xalqını, insanlarını sevinlər, onlara hörmət edənlər yetərincədi. Saysız-hesabsız, minlərlə, on minlərlə, hətta milyonlarla insan Ukraynaya və onun xalqına dərin hörmətlə yanaşır. Heç şübhəsiz ki, bu sevgidə əsas rolu bir-birindən gözəl, baxanların ağlını başından alan gözəl xanımlar oynamır. Ukrayna istedadlı, mərd, vətənpərvər, döyüşkən, ağıllı insanların vətənidi.

Sevilən şair Taras Şevçenkodan sonra onun həmsoyası Andrey Şevçenko da bütün dünyada məşhurlaşıb. Heç şübhəsiz ki, futbol dünyası onun adını "Barselona”nın qapısına "Nou Kamp”da vurduğu qollardan sonra əzbərlədi. Bir hissədə "Barselona”nı üç dəfə məyus etmək fantastik göstərici idi. Özü də Andrey bu uğura çox gənc ikən, cəmi 20 yaşının tamamında imza atmışdı. Ondan sonra Kiyev "Dinamo”sunun istedadlı yetirməsinin yolu Avropanın "top-klubları”na qədər uzandı. "Milan” və "Çelsi” azarkeşləri onun vurduğu qollara sevindi, xüsusiylə də italyanlar 7 mövsüm ardıcıl Şevçenkonu özlərinin baş tacı hesab etdilər.

İndi Şevçenko futbolçu kimi yox, ölkəsinin millisinin baş məşqçisi kimi Ukraynanın xidmətində dayanır. Onun rəhbərliyi altında ukraynalılar Avropa çempionatına vəsiqə qazandılar və orda gözləniləndən də uğurla çıxış etdilər. Ölkə prezidenti Vladimir Zelenskinin son statusunda yazdığı kimi, Şevçenkonun rəhbərlik etdiyi milli bu çempionatda Ukrayna Niderland, Portuqaliya, Fransa, Almaniya kimi nəhəng futbol ölkələrini qabaqladı, son səkkiz komanda sırasına yüksəlməyi bacardı. Düzdü, 0:4 hesablı məğlubiyyət çox ağırdı. Onunla barışmaq, heç nə olmamış kimi yola davam etmək bir qədər çətin olacaq. Amma bizim də sevərək azarkeşlik etdiyimiz, könül verdiyimiz Ukrayna bunu bacarmalıdı. Çünki komandanın heyətində xeyli gənc və istedadlı futbolçu yer alır. Millinin potensialı böyükdü və qarşıdakı dünya çempionatının seçmə mərhələsində də uğurla çıxış etmək, orda da uğurun davamını gətirmək mümkündü. Yetər ki, sistemə xələl dəyməsin, Şevçenkoyla yola davam edilsin.

Sözsüz ki, bizim nə Şevçenkoya, nə də Ukrayna Futbol Federasiyasına məsləhət vermək səlahiyyətimiz yoxdu. Yola necə davam edəcəklərini onlar düşünəcəklər, ən doğru olan qərarı özləri üçün verəcəklər. Bizə qalan Ukraynanı dəstəkləməyə davam etməklə yanaşı onların təcrübəsini öyrənmək, futbolumuza bu təcrübəni tətbiq etməkdi. Xüsusiylə də uşaq futboluna. İstedadlar vaxtında aşkar edilməli, düzgün yola yönəldilmə, əcnəbilərə və "milliləşdirilənlərə” aşırı sevgi yolundan imtina edilməlidi. Yalnız o zaman biz təkcə başqalarının uğurlarına sevinməyəcəyik, özümüz də böyük turnirlərin iştirakçısı olmağın həyəcanını yaşayacağıq.

Amal ABUŞOV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR