"Çox qol buraxmağımız məni narahat edir" - Mahmud Qurbanov

Birinci Divizionda hazırda 11 xalla 7-di pillədə olan "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanov komandasının durumu, qeydri-sabit çıxışı ilə əlaqədar fikirlərini bölüşüb.

Mahmud bəy Sport7.az-a müsahibəsində bunları söyləyib.

- Komandada son durum necədi?

- Normal şəkildə davam edirik. Dünən "Səbail"lə heç-heçə oynadıq. Çempionat davam edir, çalışırıq. Konkret plan da yoxdu. Hər oyuna hazırlaşırıq.

- Mövsüm başlayanda qarşıya hansı şərtlər qoyulmuşdu?

- Şərt qoyulmamışdı. Məqsəd odu ki, əsas komandaya futbolçu gəlsin. Bildiyiniz kimi, keçən il İsmayıl Züfüqarlı əsas komandaya getdi. Bu il görək kimləri göndərəcəyik. Qış fasiləsinə, may ayının sonuna qədər hələ vaxt var. Əsas oyunçu yetişdirməkdi. "Neftçi"in istər əvəzediciləri, istər əsas komandası adına görə yüksək yerlərdə qərarlaşmalıdı. Hansı turnirlərdə oynamasına baxmayaraq, düşünürəm ki, "Neftçi" favorit olmalıdı. 

- Hazırda qərarlaşdığınız mövqe qaneedicidi?

- Xeyr, əlbəttə ki, qane etmir. Biz də yüksək mövqelərdə qərarlaşmaq istəyərik. Baxmayaraq ki, qarşımıza heç bir vəzifə qoyulmayıb, inşallah çempionatın axırına qədər yuxarı pillələrdə olarıq. Çalışırıq ki, "Neftçi"ni mövsümün sonuna qədər daha yüksək yerlərə çatdıraq.

- Komanda bu mövsüm geridə qalan 9 turda cəmi 3 qələbə qazanıb. Qeyri-sabit oyunun səbəbləri nədi?

- Belə bir səbəb yoxdu. Qələbəmiz azdı. Futboldu, olur. İstərdik ki, hər oyunda qələbə qazanaq. "Səbail"lə oyunda da hesabda irəlidə idik, son dəqiqələrdə top buraxdıq. Cavan komandayıq, futbol oynamaq istəyirik. Futbola aid olan şeylər etmək istəyirik meydanda. Problemlər həmişə olur, olacaq da. Aradan qaldırmağa çalışırıq.

- Ötən turda "Zirə-2"ni məlğub etmisiz. Ona qədər olan qələbəsizlik seriyası, məğlubiyyətlər komandaya necə təsir etmişdi?

- Əlbəttə pis təsir etmişdi. Heyətdə cavan uşaqlar çoxdu. Elə bizə də pis təsir edir. Amma bir məqam var ki, hər oyunda qol vəziyyətlərimiz olur. Onlardan, şanslarımızdan maksimum istifadə edə bilmirik. Məğlub olmaq istəmirik. Uşaqlarda qələbə ruhu olsun, meydana bunun üçün çıxsınlar. Baxmayaraq ki, qarşıda vəzifə, məqsəd yoxdu, uşaqlara qələbə ruhu aşılamağa çalışırıq. 

- Baş məşqçi olaraq sizi narahat edən əsas məqamlar hansılardı?

- Çox qol buraxmağımız məni narahat edir. Demək olar, hər oyun qol buraxırıq.

- Deməli, müdafiə ilə bağlı boşluqlar var. Ya da ki, komanda hücum futbolu oynadığı üçün, arxa xətt unudulur.

- Müdafiədə oturmuruq. Rəqib dən asılı olmayaraq hücumda oynamağa, kombinasiyalı futbol göstərməyə çalışırıq. Müdafiədə oturaq, topu hara gəldi vuraq, bizdə belə şeylər yoxdu. Hətta arxadan da hücuma keçəndə, bunu planlı, düşünülmüş şəkildə etməyə çalışırıq. 

- Müdafiəni möhkəmləndirmək vacibdi...

- Cavan uşaqlardı, düzələrlər, eybi yoxdu. Ola bilər hardasa diqqətsizlik edirik, rəqibə boşluq veririk. Ancaq bunlar problem deyil, düzələcək. Əsas odu uşaqlar istər müdafiə, orta xətdə, istərsə də hücumda nə etməli olduqlarını başa düşsünlər. Vəzifələrini bilsinlər, taktiki, futbol baxımdan savadlı olsunlar. Meydana çıxanda hara gəldi qaçmaq, top vurmaq olmaz. 

- Hansısa oyunlarda "Neftçi"nin əsas komandasından kömək istəyirsiz?

- Qapıçı Kamran gəlir, dünən İsmayıl da bizimlə idi. Tural da gəlib kömək edir. Əsas komandadan oyunçular dəvət olunur. Bəzən oyunların vaxtlarına görə, problemlər yaranır. Çünki əsas komandaya oyunçular lazım olur. Ancaq əvəzedicilərin də əsas məqsədi futbolçu verməkdi. Bizdən yuxarıya nə qədər futbolçu getsə, həm klub, həm də akademiya üçün o qədər yaxşıdı.

- "Neftçi"nin əsas heyətində təcrübəli legionerlər var. Həm oyunlar, həm də gənclərə təcrübə qazandırmaq üçün onlardan kimlərisə dəvət edirsizmi?

- Xeyr, açığı heç bir legioner dəvət etməmişəm. Hansısa mövqeyə oyunçu lazım olanda Bordinlə görüşürəm, danışılqarımız olur. Ancaq istəyirəm ki, cavan uşaqlar oynasın. 2-3 təcrübəli oyunçu götürmüşəm ki, vəhdət təşkil etsinlər. Komandanı bütünlüklə gəncləşdirmək də bir şey deyil. Ancaq dediyim kimi, əsas məqsədimiz "Neftçi"dən oyunçu götürmək deyil, ora uşaq verməkdi. Həftə ərzində 2-3, bəzən 4 futbolçu olur ki, əsas komandanın məşqlərinə çağrılır. Bu mənada problem yoxdu, göndəririk, gedib bir neçə məşqlərdə iştirak edirlər və oranın ab-havasını "tuturlar". Əvəzedici heyətdə legionerin oynamasının tərəfdarı da deyiləm.

- Bu mövsüm əvzedicilərdən "Neftçi"nin Premyer LIiqadakı oyunlarına neçə futbolçu dəvət alıb?

- İsmayıldı və daha bir neçə nəfər də var ki, əsas komandanın futbolçularından kimsə zədələnəndə onların əvəzinə çağrılırlar, oyunlar zamanı da ehtiyatda olurlar. Keçən mövsüm də belə idi, indi də. Yəni oyunun protokolunda adları olur.

- Qarşıdan qış fasiləsi gəlir, hansı planlarınız var?

- Planlarımız yoxdu. Çünki qarşıda oyunlarımız var. Daha sonra fasilə haqqında düşünəcəyik. Radikal dəyişikliyə də ehtiyac yoxdu. Kimlərisə cəlb etmək istəsək, bunlar akademiyadan olacaq. Məsələn U-19-dan, U-17-dən uşaqlar dəvət olunur, gəlib məqşlərdə iştirak edirlər. Bu barədə problem yoxdu. Düzdü oyuna buraxmırıq, amma qarşıdakı görüşlərdə yəqin ki, meydanda olacaqlar. U-17 də oynayan bəzi futbolçular var ki, ola bilər qarşıdakı oyunların hansındasa meydana buraxım. Onlara da təcrübə lazımdı, yavaş-yavaş öyrənməlidilər. Hamı birdən-birə futbol oynamır ki. Belə şeylərə fikir veririk. Kənardan yaşlı futbolçular da cəlb edə bilərik. Ancaq bunu istəmirik. Gələcəkdə əsas komandada oynaya biləcək futbolçulara daha çox üstünlük verməyi, kömək etməyi düşünürük. 

- Bordin əvəzedicilərin oyunlarına tez-tez gəlib baxır?

- İmkan olanda köməkçilərini göndərir. Bizə oyunçu lazım olanda görüşürük. Ancaq komandamızın oyunundan köməkçiləri vasitəsilə məlumatı olur. 

- Qeyri-sabit oyunu düzəltmək üçün hansısa, məsələn taktika, oyun üslubu baxımından dəyişiklikər etməyi düşünürsüz?

- Bizim üçün elə bir plan yoxdu. Oyun üslubu dəyişmək fikrində də deyilik. Necə oynamışıqsa. elə də davam edəcəyik.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR