“Pulu konfet kağızına döndəriblər” – Ağasəlim Mircavadov

“Pulu konfet kağızına döndəriblər” – Ağasəlim Mircavadov

Azərbaycanın şöhrət ordenli məşqçisi Ağasəlim Mircavadov klublarımızın Avroliqadakı şanslarını dəyərləndirib.

Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi”nin durumuna da toxunub:
 
"Hazırda "Neftçi”də hansı dəyişikliklər olduğunu bilmirəm. Çünki başım qarışıb Avropa çempionatının oyunlarına. Analiz edirik, yazıb-pozuruq. Ancaq bilirəm ki, "Neftçi” çempion olduqdan sonra bir neçə futbolçu getdi. Yeni transferlər haqda nəsə deyə bilmərəm. Söhbət ondan gedir ki, hazırlıq necə olacaq. Bilirəm ki, komanda xaricdə təlim-məşq toplanışındadı. Bu hazırlığı daha da keyfiyyətli edir. Ümumiyyətlə, əsas problem budu ki, komandalar Avroliqaya vəsiqə qazanandan sonra yeni futboçular axtarmağa başlayır. Necə ola bilər ki, oyunçunu tanımırsan, baxışa çağırıb bir-iki oyun və məşqdən sonra qərar verirsən? Bəs komandanı kim hazırlayacaq? Söhbət məhz bundan gedir.
 
Biz həmişə gecikirik. Hər klubun strategiyası olmalıdı. Avropada mübarizə aparmaq üçün oyunçuların olmalıdı. Yoxsa vəsiqə qazanandan sonra durub futbolçu axtarım, bax bunda uduzuruq. Yanvarda məsələni həll etməlisən. Yayda aldığın futbolçu isə komandaya hazır vəziyyətdə gəlməlidi. Hansı ki, sən onun nəyə qadir olduğunu, zəif və güclü tərəflərini artıq öyrənmiş olmalısan. Çağırıb, baxışdan keçirmək vaxt aparır. Oyun başlayana qədər heyətin hazır olmalıdı. Ona görə də deyirlər ki, futbolçunun müqavilə müddətinin bitməsinə 6 ay qalmış onunla işləmək lazımdı. Komandaya yarayırsa tez almaq lazımdı. Bilirəm ki, "Qarabağ” bir neçə dəfə təlim-məşq toplanışına hazır vəziyyətdə yollanıb. Ona görə də uğur qazanıblar. Təlim-məşq toplanışına gedəndə artıq hazır olmalısan və orada hansı taktika ilə oynayacağını seçməlisən. Biri var ki, komandanı düzəldəsən, biri də var futbolçu axtarasan. Bu artıq vaxt itkisidi”.

Ağasəlim bəy "Neftçi”nin "Dinamo” qarşısındakı şanslarını belə dəyərləndirdi: "Biz həmişə Tbilisi "Dinamo”suna qarşı yaxşı oynamışıq. Hətta uduzduğumuz oyunlarda da keyfiyyətli şəkildə çıxış etmişik. İndi "Neftçi”nin hansı durumda olduğunu dəqiq deyə bilmirəm. Yenə də hazırlıqdan asılıdı hər şey. Hazırlıq olmasa nə edə bilərsən ki? Düzdü, "Dinamo” əvvəlki komanda deyil. Bunu nəzərə almaq lazımdı. Amma komandanın baş məşçqisi Kaxaber Tsxadadze Azərbaycanda işləyib və buranın futbolunu bilir. Əsas məsələlərən biri budu”.

Mircavadov digər klubların şansları haqda suala belə cavab verdi: "O klublarımızın hazırlığının nə dərəcədə olduğunu dəqiq bilmirəm. Qurban Qurbanovla söhbət etdik, Avstriyaya getməyə hazırlaşırlar. Yaxşı yerdə toplanış keçəcəklər. Mən "Xəzər  Lənkəran”da çalışarkən orada toplanış keçmişik. Şərait yaxşıdı, yoldaşlıq görüşləri keçirmək üçün klublar da var. Bazalar arasında 20-30 kilometr məsafə var. Hava da çox isti deyil. Gündə iki dəfə  məşq keçəcəklər. "Qarabağ” da hazırda transferlər baxımından əziyyət çəkir. Qurban müəllim dedi ki, Avropada oyunçuların qiyməti artıb. İstədikləri futbolçular çox bahadı. Məlum məsələdi də, pulu konfet kağızına döndəriblər. İstədiyin futbolçunu da nadir hallarda ala bilirsən. Amma imkanı olanlar alır. Hazırda "Qarabağ”da heyət var. Sadəcə bir neçə futbolçu lazımdı ki, kömək etsin. Məsələn, Bədavi Hüseynovun zədələnməsi onlar üçün problem olacaq. Çünki 4-5 ay oynaya bilməyəcək. Amma böyük təcrübələri var. 6-7 ildi Avropada oynayırlar. Bunun özü böyük işdi”.

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR