Gözəl
ağa çox gözəl idi, vurdu çiçək çıxartdı. (Atalar sözü)
Azərbaycan
millisinin növbəti seçmə mərhələdəki rəqibləri məlum oldub. Adamın dili də gəlmir
ki, "millimiz bu qrupdan çıxmaq, dünya çempionatına qatılmaq uğrunda mübarizə
aparacaq” desin. Bunu demək mübarizəyə də, dünya çempionatına da hörmətsizlikdi.
Bizimki gözə kül üfürmək, məşhur lətifədə deyildiyi kimi, relsləri döyəcləməkdi.
Guya ki, içində olduğumuz qatar öz yoluna davam edir. AFFA Azərbaycan xalqı
üçün pərdələri silkələyir, relsləri döyəcləyir. Bizə də deyirlər ki, Azərbaycan
futbolu inkişaf edir, böyük hədəflərə çatmaq uğrunda mübarizə aparır. Əlimizi
qulağımızın dibinə qoymuşuq, özümüz də fil qulağında yatmışıq. Sağımız, solumuz
inkişaf edir, biz isə...
A
qrupundakı rəqiblərimizin dərdini çəkirdik, günümüzə ağlayırdıq. Bu tərəfdən də
sevinirdik ki, 5 komandanın olduğu qrupa düşmüşük, millimiz ardıcıl oyunlar
keçirib, səfərlərə çıxmayacaq. UEFA bu sevinci də bizə çox gördü. Qitənin
futbol qurumu dünya futbolu tarixində unikal qərara imza atıb, mundiala
evsahibliyi edəcək Qətər millisini Avropa yığmalarına yolyoldaşı edib. O da gəldi
bizim bəxtimizə çıxdı. Qrupdakı rəqiblərimizin sayı artdı, səfərlərimiz
çoxaldı, təqvim sıxlaşdı. Məlum məsələdi ki, FİFA-nın zəngin tərəfdaşlarından
(yəni sponsorlarından) olan ərəblər uzun illərdi ölkələrində keçiriləcək dünya
çempionatını gözləyirlər. Braziliyada boşda olan futbolçu qalmayıb ki, onu
"milliləşdirib” Qətər millisinin formasını geydirməsinlər. Hələ mən dünya
çempionatının Qətərə verilməsi ətrafında gəzən rüşvət iddialarını, həbs edilən
FİFA məmurlarını demirəm. Ümumi görüntü belədi ki, ərəblər bu dünya
çempionatına ciddi hazırlaşıblar, uğur qazanmaq üçün min ətək pul töküblər.
İndi də həlledici mərhələdi, kimsə onları başa salıb ki, dünya nəhəngləri ilə
ayaqlaşmaq üçün Avropa yığmaları ilə müntəzəm qarşılaşmaq, gücünü sınamaq
lazımdı. UEFA da onların bu istəyini gerçəkləşdirib, çanaq da bizim başımızda
sınıb.
Şəxsən
mənim təqvimə baxanda gözlərim qaralır. Hər bir seçmə mərhələyə uğurlu başlamaq
vacibdi. Bunun üçün də təqvimə diqqət yetirirsən, start oyununu evdə, nisbətən
münasibət rəqiblə keçirməyi arzulayırsan. Amma bizim yığmamız açılış oyununda
Ronaldolu Portuqaliya millisinin qəbuluna gedəcək. Hələ pandemiya səbəbindən
marta qədər futbolumuzun hansı vəziyyətə düşəcəyini bir göydəki Allah bilir.
Ondan sonra da Qətərlə səfərdə qarşılaşacağıq. Ronaldo və komanda yoldaşlarının
başımıza açması real görünən oyundan sonra bizə hazır şikar gözüylə baxan Qətərin
əlinə düşəcəyik. Məlum məsələdi ki, Qətərlə qarşılaşmaq üçün Ərəbistan
yarımadasına səfər etmək lazım deyil, onlar bu ərəfədə Avropada məskunlaşacaqlar.
Amma bu ölkənin Portuqaliya və ya Serbiya olacağına inanmıram. Deməli,
komandamız 6 gün aralığında üç fərqli mühitdə meydana çıxmalı, uzun-uzadı
yollar qət etməli olacaq. Əvvəlcə Portuqaliyaya yollanacaq, ondan sonra Qətərin
məskunlaşdığı yerə gedəcəyik. Ordan da Bakıya qayıdıb, Serbiya millisini gözləyəcəyik.
Bütün bu yol yorğunluğundan, gərgin qrafikdən sonra serblərdən xal ala biləcəyimizə
inanmaq çətindi. "Sabah”ın heyətində Azərbaycan klublarına qol vurmağa çətinlik
çəkən Ramil Şeydayevin Portuqaliyaya meydan oxumasına aldanmayın.
Portuqaliyanın
da gücü bəllidi, İrlandiya ilə Serbiyanın da. Hər nə qədər pafosla danışsaq ki,
Millətlər Liqasının C divizionundakı zəif rəqiblərin qapısına qol vurmağı
bacarmayan komandamızın birdən-birə şirə-pələngə dönəcəyinə inanmaq asan deyil.
Az-çox "dişimizə uyğun” rəqib kimi Lüksemburqu görürdük. Onlarla da bu
yaxınlarda iki dəfə qarşılaşdıq, birində uduzduq, o birində də Şahruddin Məhəmmədəliyevin
penaltini qaytarması sayəsində qolsuz heç-heçəyə sevindik. Vəssalam. Deməli,
Lüksemburqla oyunlarda da xoş gələcəyə ümid etməyə dəyməz. Çox da İtaliyadan
Canni De Byazini və onun 4 həmyerlisindən ibarət məşqçilər briqadasını dəvət
etmişik. Adamlar bizim futbolçulara olsa-olsa, qapının önünə toplaşıb, qol
buraxmamağı öyrədə biləcəklər. Bundan artığını gözləməyə dəyməz. Futbolumuz
uzun və sistemli inkişaf yolu keçməlidi. Ona da Qurban Qurbanovla qədəm qoymaq,
7 ili əhatə edəcək proqram qurmaq istəyirdik. Xəyanətkarlar imkan vermədi. Yeri
gəlmişkən, həmin o xəyanətin üstündən bu həftə iki il keçdi. İki ildən sonra
AFFA İcraiyyə Komitəsinin üzvü, yəni o qərara əl qaldıranlardan biri Vaqif
Sadıqov deyir ki, Canni De Byazi bizim futbolçuları tanımırdı, Millətlər
Liqasındakı oyunlar bu mənada işimizə yaradı. Ay sizi...
"Bu
qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş
olmuruq. Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək,
orda qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı
oynamaqla qrupda şansımız ola bilər” – Canni De Byazi püşkatma barədə danışarkən
belə deyib. İlk cümləsindən bizə yerimizi bildirir, deyir ki, kim olduğunuzu
unutmayın, qrupun ən zəifi sizsiz. Sonuncu cümləsində isə iki dəfə "bilsək”
deyib, şərt qoyub, sonra da "şansımız ola bilər” söyləyib. Buna deyirlər
italyan budaq cümləsi. Qətərdə keçiriləcək dünya çempionatına gedən qatara
boylana-boylana baxmağa hazır olmalıyıq!
Amal
Abuşov, "Futbol+” qəzeti