Qrup komandamız dünya kubokunda 3-cü oldu

Qrup komandamız dünya kubokunda 3-cü oldu

Bakıda bədii gimnastika üzrə dünya kuboku sona çatdı.

Sport7.az xəbər verir ki, Milli Gimnastika Arenası uzun müddətdən sonra yenidən öz qapılarını ən incə və zərif gimnastika növünün nümayəndələri üçün açdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq icazəsi ilə baş tutmuş Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda 35 ölkədən 150-dən çox gimnast yenidən Bakıda fərqlənmək üçün mübarizə apardı.

Ölkəmizi doğma divarlar arasında fərdi proqramda Zöhrə Ağamirova və Arzu, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzan təmsil etdi.

Qrup komandamız ən güclü komandaların gərgin mübarizəsindən medalsız ayrılmadı. Hər iki çıxış proqramı üzrə finala adlamış qrupumuz 5 topla final çıxışına görə fəxri kürsünün 3-cü pilləsində yer almağı bacardı. Çoxnövçülükdə isə sevimli "5-liy"imizi bürünc medaldan cəmi 0,050 xal ayırdı. 2 cüt gürz və 3 halqa ilə qızlarımız 5-ci oldular.

Qrup komandamızın məşqçisi, gimnast kimi dəfələrlə Avropa çempionatları, dünya kubokları və digər beynəlxalq yarışların mükafatçısı olmuş Siyana Vasileva komandasının medal qazanmasına görə çox şad olduğunu bildirdi. "Çox şadam ki bu yarış baş tutdu. Biz yaxşı çıxış edib, yaxşı nəticə göstərərək, bizi izləyən tamaşaçıları sevindirə bildik. Belə bir şans üçün hamıya təşəkkür edirik! Mən özüm gimnast kimi çıxış etdiyim vaxtlardan bilirəm, həmişə doğma arenada yaxşı çıxış etmək istəyirsən. Ona görə də bu gün qızlar çox həyəcanlı idilər. Onlar da vətəndə yaxşı çıxış etmək, hamını sevindirmək istəyirdilər. Buna görə çox fəxr edirəm ki, bu bizdə alındı.”

Bu il beynəlxalq yarışda ilk dəfə doğma arenada çıxış etmiş Zöhrə lentlə finala vəsiqə qazandı. Lakin final mərhələsində çox az xal fərqi ilə medalın bir addımlığında dayandı. Çoxnövçülükdə isə Zöhrə 10 ən güclü gimnast arasında yer aldı.

Böyüklər arasında ölkəmizdə baş tutan beynəlxalq yarışda ilk dəfə çıxış edən Arzu ən yaxşı nəticəsini topla nümayiş etdirərək, 15-ci oldu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR