Qurban Qurbanov dözmədi, narazılıq etdi:

Qurban Qurbanov dözmədi, narazılıq etdi: "Bizə qarşı belə oynamaq olmaz!"

"İlk oyunda qalib gəlmək istəyirdik, alınmadı. Futbolçular əziyyət çəkirlər. Oyunlarımız çox olduğundan istədiyimiz kimi rotasiya edə bilmirik. Hücumda problemlərimiz var".

Sport7.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal oyunundan sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, məğlub olmasalar da, finala çıxmaq üçün cavab görüşündə qələbə qazanmaq lazımdır: "Bu rəqib qol vurmağı bacaran komandadır. Cavab görüşündə daha diqqətli olmalıyıq".

Qurbanovun sözlərinə görə, ikinci hissədə oyuna daxil olan Abdullah Zubirin əvəzlənməsi onu zədədən qorumaq üçün idi: "Özüm də hirsləndim ki, Zubir oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalırdı. Nə mən, nə də futbolçularım indiyədək rəqibə hörmətsizlik etmişik. Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var. Xüsusən Zubirə qarşı. Çox oyunlar olub ki, özümü saxlayıram, səbrli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki... Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Dəfələrlə olub ki, futbolçularımızı bilə-bilə sındırıblar. Bizə qarşı belə oynamaq olmaz! Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz".

O deyib ki, burada baş məşqçiləri günahlandırmaq olmaz: "Heç kimə irad bildirmək istəmirəm. Hərə bir yolla qələbə istəyir. Amma belə antipatiyanın haradan qaynaqlandığını başa düşə bilmirəm. Bir futbolçunu 3-4 ay itirmək düzgün deyil. "Qarabağ"ı bu yolla dayandırdıqlarını deməzdim. Amma belə də olmaz. Mənə biri xoş üz göstərəndə mən ikiqat artıq xoş münasibət göstərirəm. Çox epizodlar göstərə bilərəm. Bəzən hakimlərlə müzakirə edirik. Zubiri qorumaq üçün xoşlamadığım və istəmədiyim dəyişiklik etdim".

Baş məşqçi hər iki cəbhədə sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Seçim iki dənədir; ikisini də istərdim. Çempionluğun və kubokun ayrı-ayrılıqda ləzzəti var. Mövsümün əvvəlində necə hazırlaşırdıqsa, sonadək hər iki cəbhədə mübarizə aparacağıq".

Qurbanov zədəli futbolçuların durumuna da toxunub: "Patrik Andradenin əzələsində birinci dərəcəli dartılma olub. "Qəbələ" ilə oyuna hazır olacağı bilinmir. Xayme Romeronun durumuna isə təkrar müayinədən sonra aydınlıq gələcək. Sağlam olsalar, bilərsən ki, 10-15 dəqiqə meydana buraxa bilərəm. Əlimdəki futbolçuların hamısına güvənirəm. Sonadək mübarizə aparacağıq. Əvvəldə işlətdiyim ifadələr bəlkə də xoş deyildi. Heç vaxt bu cür danışmamışdım. Həmişə hakimlərin sərt oyuna üstünlük vermələrini istəmişəm. Sadəcə, bəzi epizodları sanki görmürlər".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR