“Riad kimilər onu bura gətiriblər ki, “xeyir tutsunlar” – Zaur Ramazanov

“Riad kimilər onu bura gətiriblər ki, “xeyir tutsunlar” – Zaur Ramazanov

Millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022 üçün heyəti açıqladı. Təbii ki, açıqlanan heyətlə bağlı müxtəlif fikirlər səsləndirilir, onların arasında kimlərin layiq olub-olmaması ilə bağlı müzakirələr aparılır. Ancaq milliyə dəvət almayanlar arasında "Zirə”nin futbolçusu Ağabala Ramazanov da var. Hansı ki, Azərbaycanda hücumçu qıtlığı yaşandığı bir zamanda milliyə dəvət almalı olan Ramazanov kənarda saxlanıldı. Bu səbəbdən onun qardaşı, Azərbaycanın tanınmış veteran futbolçularından olan Zaur Ramazanovla danışdıq.

Zaur bəy Sport7.az-a açıqlamasında qardaşının milliyə dəvət almaması ilə yanaşı, ölkə futbolunda bir sıra problemlərə toxundu, günahkarları tənqid atəşinə tutdu: "Sizlə danışmamışdan əvvəl də müsahibə verdim. Dedim ki, indi millidə hər şey sifarişlədi. Sizcə, Ağabala milliyə layiq deyil? Digər jurnalistlərin də fikirlərini soruşuram. Hamısı Ağabalanın milliyə dəvət almalı olduğunu deyir. Bunu işıqlandırmaq lazımdı. Sizlər tənqid etməlisiz ki, niyə belədi. Bu məsələləri Arif Əsədov, Elxan kimilər düzüb qoşurlar. Kimi çağırmaq lazım olduğunu onlar deyir. Milliyə çağrılan futbolçuları gördüz. Birini əvəzedicilərdən, digərini Ukraynadan gətiriblər. Eləsi var ehtiyatda oturur. Azərbaycan futbolunun ən böyük problemi bilirsiniz nədi? İstedadlı uşaqları üzə çıxara bilmirlər. Çünki kimə gəldi kateqoriya paylayırlar. Elxan Məmmədovun sifarişi ilə kateoriya verirlər. Mənim bir xalamoğlu var, insititutu yüksək səviyyədə, qırmızı diplomla bitirib. Ona desəm ki, "Get filan kateqoriya üzrə kitabları oxu”, bunu edəcək və imtahandan keçəcək. Söhbət odu ki, futbolçular kənarda qalıb. Uşaq futbolunda heç tanınmayan adamlar işləyir. Hansı ki, uşaqları bədbəxt edirlər. Elxan Məmmədov nə qədər ki var, Azərbaycan futbolu olmayacaq. Bunu sizə əminliklə deyirəm”.

Ramazanov AFFA-nın Məşqçilər Komitəsinin üzvlərini də tənqid etdi. O, həmin insanların heç bir iş görmədiklərini, ancaq səfərə yollanmaq lazım olanda hamıdan əvvəl göndərildiklərini bildirdi: "19 yaşlı futbolçuların oyunlarına, məşqlərinə, yoldaşlıq görüşlərinə getmişdim. Bilirsiniz nə qədər istedadlı uşaqlar var? Mən 3-4 nəfər uşağa təmənnasız məşq keçirəm. Buna görə pul da almıram. Çünki onlara ürəyim yanır, çox istedadlıdılar. Gələcəkdə üzə çıxacaqlar, indi adlarını çəkmək istəmirəm. Onları hazırlayıram. Düşünürəm, necə olur ki, futbolçu çıxmır. Gedirlər, yuxarılarda "ilişirlər”. Yəni, belə uşaqları üzə çıxara bilmirlər. Çünki kimə gəldi kateqoriya verirlər. Sifarişlədi, eləsi var heç oxumur, amma kateqoriya alır. Halbuki, məsələn, Ədəhim Niftəliyevi 3 dəfə imtahandan kəsmişdilər. Bu insan 10 il yığmada, "Neftçi”də oynayıb. Onu niyə kəsirsiz? Elə adam var oxumayıb, adı kompüterdə keçib. Heç dərs keçənlər özləri də onları tanımır. Elxan necə istəyir elə də edir. Ona görə də Azərbaycan futbolunun inkişafı üçün Elxan Məmmədov AFFA-da olmamalıdı. Veteranlar yığışıb mətbuat konfransı keçirəcək, sözlərini deyəcəklər. Lazım olsa, yuxarılara teleqram da vuracağıq. Artıq bezmişik, nə qədər haqzsızlıq olar? Arif Əsədov düşüb ortaya, guya millinin məşqçisidi. Öz qohumlarını çağırır. Şahin Diniyevin oğlu Coşqun nə vaxt baxırsan ehtiyat oyunçular arasındadı. İndi milliyə dəvət alır. Onu kim çağırır? Arifin qohumudu də. Nə var, nə var bunlar 5 manat pul qazansın. Şahin Diniyevin qohumları bu gün AFFA-da işləyir. Biri hakimdi, biri nəbilim nədi. U-19 təlim-məşq toplanışı keçir. Baxırsan ki, Məşqçilər Komitəsinin üzvləri kostyum geyinib, qalstuk bağlayıb oturublar VİP-də. Amma çempionatda MK-nın üzvlərindən kimisə görməmişəm ki, gəlib hansısa uşaqların oyunlarını izləsin. Toplanış olanda isə qalstuk vurub, təyyarəyə hamıdan əvvəl əyləşirlər”.

Millimizin sabiq üzvü bütün bunların çox gülünc göründüyünü bildirdi: "Bunlar çox gülüncdü. Ağabalaya görə demirəm, o, onsuz da öz klubunda oynayır. Nə vaxt lazımdısa, milliyə də canla-başla kömək etməyə hazırdı. Bunlar mənim də başıma gəlib. Bilirsiniz də, Şahin Diniyev yığmanın baş məşqçisi olanda Azərbaycan çempionatının bombardiri idim. Xeyli qol vurmuşdum, amma məni dəvət etmirdi. Bunlar onsuz da olub, olacaq da. Sizcə, şəxsi münasibət əsas götürülməlidi? Əlbəttə, xeyr. Ona görə deyirəm, nə qədər ki, Elxan Məmmədov var, Azərbaycanda futbol olmayacaq”.

Ramazanov kiçik qardaşının hazırkı durumuna da toxundu: "Ağabala dünənki oyunda sona yaxın məhsuldar ötürmə etdi və hesab 1:1 oldu. Zədələri var idi deyə bir qədər geri qalmışdı. Amma bu gün Ağabala milliyə layiqdi. Bir sual verim? Sizcə, bu gün yığmada oynamağa daha çox Ağabala layiqdi, yoxsa Coşqun, ya da ehtiyatda qalan digər futbolçular? Ramil Şeydayev nə vaxt oynadı ki? Heç Namiq Ələsgərovu da milliyə dəvət etmək istəmirdilər. Biz danışandan sonra çağırıb, əsas heyətə saldılar. Görünür ki, burada baş məşqçilik heç nə yoxdu. O, yola verməyə gəlib. Riad kimilər ("Sumqayıt”ın prezidenti Riyad Rəfiyevi nəzərdə tutur – M.), onu bura gətiriblər ki, "xeyir tutsunlar”. Halbuki, Azərbaycanda Mahmud Qurbanov, Tərlan Əhmədov kimi məşqçilər var. Onları niyə millidə işləməyə qoymurlar? Niyə şans vermirlər? Qurban Qurbanov Millətlər Liqasında 9 xal yığmışdı. Bəs De Byazi nə qədər xal topladı? Heç nə etmədi, amma baş məşqçi postunda qaldı. Qurban Qurbanovu isə işdən çıxarmışdılar. Çünki yerli məşqçilərin işləməyi onlara sərf etmir. İstəyirlər ki, əcnəbi gəlsin, dediklərini etsin. Biri var Azərbaycan futbolu asta-asta geriləsin, biri də var başıüstə. Bu gün biz başıüstə aşağı gedirik. Bunu hamı bilir. Veteranların yığışdığı yerə gedib görürəm. Yazıqlar hamısı işsizdi. Kim ki, Elxana "əmi”, "dayı”, "papa” deyir, onlar AFFA-da işləyirlər”.

Veteran futbolçu klubların da sabiq futbolçulara bu mənada dəstək verməli olduğunu dedi: "Əlbəttə, klublar da danışmalıdılar, dəstək verməlidilər. Bu gün heç bir məşqçi 300-500 manata gəlib istedadını, bacarığını ortaya qoymur. Çünki əziyyət çəkiblər. "Sabah”a ispan məşqçi gəlmişdi, nə qədər pul alırdı? Orta hesabla götürsək, ən azı 10 min avro qazanırdı. İndi Ramin Quliyevi məşqçi gətiriblər. İstənilən adamla mübahisə edə bilərəm ki, Raminə 3-4 min manatdan artıq pul verməyəcəklər. Yerli məşqçilərə niyə çox pul vermirlər? Səbəb nədi ki? Tərlan Əhmədovu nə üçün baş məşqçi gətirmirlər? Təkcə Tərlan deyil, çoxları var ki, işləyə bilərlər. Rəşad Sadıqovu U-19-dan çıxardılar, dedilər ki, "işləyə bilməz”. Amma Rəşadın komandası "Zirə” bu gün 3-cü yerdə gedir. Bəs necə işləyir? Özlərinə necə sərf edirsə elə də edirlər. "Yuxarıdan” nə deyirlərsə, yaşlı məşqçilər də camaata onu söyləyir. Hansı ki, hərəsinin 60-70 yaşı var. Onların azarkeşləri artıq rəhmətə gedib, özləri hələ də işləyirlər. Bizi Lənkərana göndərirdilər. Deyirdilər ki, "Gedin, hər şeyin yaxşı olacağını söyləyin”. Guya, bölgələrdəki veteranlara təqaüd veriləcək, filan olacaq. Amma dediklərini yerinə yetirmirdilər. Adımızdan istifadə edirdilər”.

Zaur bəy indiki AFFA rəhbərliyi ilə futbolun inkişaf etməyəcəyini də bildirdi: "Neçə ildi yalandan camaatı aldadırlar. Əcnəbiləri gətirirlər, büdcəni dağıdırlar. Xeyrini də özləri və gətirdikləri adamlar görürlər. AFFA-ya girəndə elə bilirsən ki, İngiltərədəsən. Hamı ingiliscə danışır. Kim ingiliscə bilirsə o da gəlib işləməlidi. Bilirsiz Azərbaycanda nə qədər 16, 17, 19 yaşlı istedadlı uşaqlar var. Yenə də bütün bunlara baxmayaraq Ağabala həvəsdən düşmür. Bilir ki, bunlar mənim də başıma gəlib. Ağabaladan beş dəfə güclü oynamışam, amma yığmaya dəvət almamışam. Mən o vaxt həvəsdən düşməmişəm. Milli heç kimin atasının deyil. Ona görə də hər zaman hazır olmaq lazımdı. Bizi heç nə həvəsdən sala bilməz. Yalnız özlərini gülünc vəziyyətə qoya bilərlər. Ramazanovların qarşısını heç kim kəsə bilməz. Biz kimlərinsə qarşısını kəsərik”.

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR