"Sabah"ın futbolçusu: "Həyat yoldaşım tərəfdən 5-6 nəfər virusa yoluxub" - MÜSAHİBƏ

"Sabah"ın dağıstanlı futbolçusu Məhəmməd Mirzəbəyovun "Report"a müsahibəsi.

- Karantin müddətini necə keçirirsiniz: Bütün günü evdə oturmaq bezdirici olmur?

- Hazırda Bakıdayam. Vaxtımı əsasən evdə ailəmlə keçirir, onlayn məşqlərə qoşuluram. Əlbəttə, evdə qalmaq çətindir. Amma nə etmək olar? Vəziyyət yaxşı deyil. Hamı ailəsini və özünü xəstəlikdən qorumaq üçün evdə oturmalıdır.

- Dağıstanda koronavirusla bağlı vəziyyət necədir?

- Çox ağır. Əvvəlcə özümüz də inanmırdıq. Amma dostlarım, yaxınlarım, tanışlarım təsdiqlədilər ki, virus həqiqətən də var.

- Necə oldu ki, orada virus bu qədər çox yayıldı?

- İlk növbədə, insanlar buna qeyri-ciddi yanaşdılar. Tibbi personal da hazırlıqlı deyildi. Dərman və digər tibbi ləvazimatlar çatışmırdı. Hətta Bakıdan dərman preparatları göndərildi. İnsanlar koronavirusun ciddiliyini dərk etmirdilər. Vəziyyətləri ağırlaşandan sonra həkimə müraciət etməyə başladılar. Bunu daha tez etsəydilər, həm yoluxma, həm də ölüm sayı daha az olardı.

- Yaxınlarda Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi, həmyerliniz Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişdi. Hazırda dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun vəziyyəti eyni səbəbdən ağırdır. Bu şəxslərlə tanışlığınız varmı?

- Bəli, Əliömərovun ölümündən və Həbinin atasının komada olmasından xəbərim var. Amma onlarla heç bir tanışlığım olmayıb. Heç də xoş olan vəziyyət deyil. Vaxtında müalicə olunmadıqda bu cür hallarla üzləşirsən. Xəstəliyin üstünə ilkin mərhələdə düşmək lazımdır ki, inkişaf etməsin. Belədə nəyisə dəyişmək çətin olur. Ümid edirəm ki, insanlar bundan sonra məsələyə daha ciddi yanaşar və müvafiq qaydalara əməl edərlər. Mənim anam və atam da hazırda xəstədir. Soruşuram ki, adi qriplə bu xəstəliyin arasında fərq varmı? Cavab verirlər ki, bəli, insanın bədənində ağrılar daha çox olur. Evdə adi işləri görməyə belə halın olmur.
 
- Valideynləriniz də koronavirusa yoluxublar?

- Düşünürəm ki, bəli, onlar da koronavirusun simptomlarını daşıyırlar. Genişmiqyaslı yoluxma qeydə alınırsa, çoxlu sayda insan yoluxursa, deməli, onlarda bu xəstəlik var. Bu gün hansısa xəstəlik yayılırsa, bu, koronavirusdur. İnsanlar var ki, bunu ağır keçirirlər. Bəzilərində orta, bəzilərində isə daha yüngül formada olur. Valideynlərimdə hələlik xəstəlik orta səviyyədə davam edir. Sevindiricidir ki, vəziyyətləri normaldır. Ağırlşama yoxdur.

- Onlar hansı şəhərdə yaşayır?

- İzberbaşda.

- Koronavirusa yoluxan başqa yaxınlarınız da var?

- Sırf koronavirusun olub-olmadığını deyə bilmərəm. Amma faktdır ki, hazırda ata-anamla birlikdə 2 qardaşım və onların həyat yoldaşları da xəstədirlər. Bu, yalnız koronavirus ola bilər. Çünki adi qrip zamanı bir ailədən maksimum 2-3 nəfər yoluxur. Hazırda isə bizim ailədə 6 nəfər eyni xəstəlikdən əziyyət çəkir. Həyat yoldaşım tərəfdən də 5-6 nəfər eyni anda xəstələnib. Dağıstanda təkcə şəhərlərdə deyil, kənd və qəsəbələrdə də yoluxma halları kifayət qədərdir.

- Ailə üzvləriniz virusa yoluxduqlarını necə biliblər: Onlardan test götürülüb?

- Xeyr, test götürülməyib. Analiz vaxt itkisidir. Bu müddət ərzində xəstənin vəziyyəti ağırlaşa da bilər. Ən yaxşısı, simptomları hiss edən kimi müalicəyə başlamaqdır. Yenə təkrar edirəm, bunun 100 faiz koronavirus olduğunu və ya olmadığını deyə bilmərəm. Bunun üçün testdən keçmək lazımdır. Sadəcə, eyni zamanda bir ailədən 6-7 nəfərin xəstələnməsinə əsasən deyirəm ki, bu, koronavirusdur. Bundan başqa, simptomlar da eynidir: dad, qoxu hiss itir, bədəndə, başda güclü ağrılar olur.

- Qardaşlarınız Dağıstanda nə işlə məşğul olurlar?

- Qardaşlarım məndən böyükdür və taksi fəaliyyəti ilə məşğul olurlar. Onlardan birinin həyat yoldaşı isə xəstəxanada tibb bacısı işləyir. 
 
- Onlar xəstəxanada, yoxsa evdə müalicə alırlar?

- Hamısı evdədir. Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir. 

- Necə düşünürsünüz: Dağıstandakı vəziyyətin Azərbaycana da hər hansı mənfi təsiri ola bilər?

- Əvvəlcə onu deyim ki, Azərbaycanda karantin rejiminin tətbiq olunması böyük üstünlük oldu. Mən bu barədə Dağıstandakı yaxınlarıma məlumat verəndə onlar ümumiyyətlə bu barədə düşünmürdülər. Karantin rejiminin yeganə müsbət cəhəti o oldu ki, yoluxma sayı çox olmadı. Alimlər, mütəxəssislər deyirlər ki, virus istənilən əşyadan insana keçə bilər. Necə olacağını bilmirəm. Ümid edirəm ki, Dağıstandakı vəziyyətin Azərbaycana təsiri olmaz.

- Bir neçə gün öncə "Sabah" klubunun futbolçuları testdən keçdilər. Analizi harada götürdülər?

- Bəli, testdən keçdik və nəticələr mənfi oldu. Tibbi personal bazaya gəldi və sosial məsafə qaydalarına, umumi tələblərə uyğun olaraq bizdən analiz götürdülər.

- Koronavirus səbəbindən yarımçıq qalan Premyer Liqanın aqibəti çox müzakirə olunur. Siz bu barədə nə deyə bilərsiniz: Çempionatı başa vurmaq mümkün olacaq?

- Bu barədə heç bir fikrim yoxdur. Ona görə də nə isə deyə bilmərəm.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR