Azərbaycan Premyer Liqasının XXI turunun "Neftçi” – "Sumqayıt” oyunundan öncə meydan sahiblərinin kapitanı Emin Mahmudova hədiyyə təqdim olunub.
Sport7.az xəbər verir ki, "ağ-qaralar”ın heyətində 100-cü matçına çıxan kapitana bu hədiyyəni klubun prezidenti Kamran Quliyev təqdim edib.
Maraqlıdır ki, bu görüş elə prezidentin özünün də "Neftçi”nin rəhbəri kimi 100-cü matçı olub. Ona hədiyyə verən olmasa da, "Sumqayıt” onun komandasına "2” verib. Söhbət qonaqların 2:0 hesablı qələbə ilə lideri zirvədən endirməsindən gedir.
Maraqlıdır ki, "Neftçi”yə qədər "Sumqayıt”ın prezidenti olan Quliyevin yeni klubundakı ilk matçı da sabiq komandasına qarşı olmuşdu. 2018-ci il fevralın 16-da paytaxt klubuna rəhbər təyin olunan funksioner ertəsi gün "Sumqayıt”dan elə indiki kimi "2” almışdı – 0:2.
Sabiq klubuna iki eyni hesablı məğlubiyyət arasındakı 3 il aylıq müddətdə bakılılar daha 98 oyuna çıxıb. Quliyevin prezidentliyi dövründə "Neftçi” Avropa Liqasında 10, Azərbaycan kubokunda 8, Premyer Liqada 82 görüş izləyib.