“Sehirli güzgü”dəki “Neftçi”

“Sehirli güzgü”dəki “Neftçi”

Amal ABUŞOV

Müasir dövrdə televiziya olmadan həyatımızı təsəvvür etmək çətindir. Televiziya bütün yaş kateqoriyaları üçün əyləncə, eyni zamanda da informasiya mənbəyi, təbliğat vasitəsidir. Televiziyanın imkanları xeyli geniş olduğu üçün onun cəmiyyətin həyatındakı rolu da əvəzsizdir. Televiziya görüntü və səsi alıcıya çatdıran elektron cihazdır. İlk dəfə televiziya sözü XX əsrin əvvəllərində meydana gəlib, yunanca uzaq mənasında işlənən "tele”  və latınca görmək mənasında işlənən "visio”  sözlərindəndi, yəni uzağı görmək. Deməli, televiziya insanlar üçün uzağı yaxın edən texnologiyadır.

Zaman yerində dayanmır. Hər şey dəyişir, inkişaf edir. Elə televiziyalar da bu inkişaf prosesindən keçirlər. Ağ-qara ekranı rəngli görüntülər əvəz edib, diyircəklə dəyişdirdiyimiz kanalları indi yerimizdən qalxmadan pultla dəyişirik. Ötən əsrdə televiziyanı "sehirli qutu” adlandırırdılar, insanlar bu qutunun göstərdiklərinə möcüzə kimi baxırdılar. İndi televiziyalar cəmiyyətin "sehirli güzgü”sünə çevrilib. Bəzən gizli əllər bu "güzgü”yə müdaxilə edir, belədə həmin "sehirli güzgü”lər də hadisələri təhrif edir, informasiyaları cəmiyyətə fərqli formada çatdırırlar. Bu kimi məqamlar da insanların televiziyaya inamını azaldır, cəmiyyətdə ordan səslənən fikirlərə inamsızlıq yaranır.

Artıq ənənəvi televiziya kanalları ilə yanaşı internet televiziyası da sürətlə inkişaf edir. Bu da informasiya bolluğuna, geniş seçim imkanlarına rəvac verir. Hazırda təkcə kabel televiziyalarında yox, internetdə də istənilən zövqə uyğun telekanal tapmaq, eyni məlumatı müxtəlif mənbələrin təqdimatında öryrənmək olar. Xüsusiylə də internet televiziyaların imkanları xeyli genişdi. Günümüzdə Azərbaycan cəmiyyətinin ənənəvi televiziya kanalların inamı ciddi mənada sarsılıb, insanlar daha çox alternativ mənbələrə, sosial şəbəkələrdən və "yutub” üzərindən yayımlanan telekanallara etimad göstərirlər. 
Dövrün tələbinə uyğun olaraq, futbol klubları da özünə televiziya kanalı açır, bundan da klubun xəbərlərini yayır, eləcə də reklam gəlirləri əldə edirlər. Dünyanın bir çox tanınmış klubları bu təcrübədən yararlanırlar. Elə qonşu Türkiyədə də "Qalatasaray”, "Fənərbaxça” "Beşiktaş”ın özünəməxsus kanalları var və onlar peyk vasitəsiylə bütün dünyaya yayımlanır. Artıq Azərbaycanda da bu sahənin ilk "qaranquşu” var. "Neftçi” bir neçə gündür ki, ilkə imza atıb, özünün internet televiziyasını efirə buraxıb. "Xalq komandası”nın bu işə ciddi yanaşdığı, ortaya klubun adına və tarixinə layiq iş çıxarmaq istəyi hiss olunur. Təsadüfi deyil ki, Azərbaycanın tanınmış idman şərhçilərindən olan İsmayıl Abdullayev də "Neftçi” TV-yə dəvət olunub. Təcrübəli həmkarımız yeni açılan telekanalın simasına çevrilməkdədi.

İsmayıl bəyin gəlişinə qədər isə klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev gördüyü işlərlə diqqətləri üzərinə çəkməyi bacarmışdı. "Neftçi” üçün əlamətdar günlərdə, eləcə də yeni transferlərin təqdimatı zamanı klubun paylaşdığı müxtəlif videoçarxlar geniş kütləni maraqlandırır, xeyli bəyəni toplamağı bacarırdı. Ümid edək ki, eyni keyfiyyəti və özünəməxsus məhsulları "Neftçi” TV-nin yayımı zamanı da görə biləcəyik.

Amma həmkarlarım bir məqamı unutmasınlar. "Sehirli güzgü”dən "Neftçi”ni göstərərkən obyektivlik prinsipləri unudulmamalıdı. "Neftçi”nin güzgüdəki əksi obyektiv olmalıdı ki, ordan həm də nöqsanlar görünsün və həmin nöqsanların həlli yolları axtarılsın. Ekrandan hər gün "Neftçi”yə "bəy tərifi” deməklə həm özünüzü aldadarsız, həm də azarkeşləri. Amma bununla meydandakı rəqibləri, xüsusiylə də avrokuboklarda aldatmaq olmur.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR