Serenata di Calcio 8

Serenata di Calcio 8

Avro-2020-nin təsnifat mərhələsi səbəbindən yaranan fasilədən sonra İtaliya A Seriyasında 8-ci turun oyunları keçirildi. Həftənin 10 oyununda ümumilikdə 31 qol vuruldu. Bu, hər oyuna orta hesabla 3,1 qol deməkdir. Mövsümün ən çox bərabərlik qeydə alınan turunda 4 oyun sülhlə nəticələndi, 5 matçda ev sahibləri, bir görüşdə isə qonaq komanda qələbəni bayram etdi. İki oyunda ümumiyyətlə qapılara yol tapmaq mümkün olmadı. "Udineze" 4 qol vurmaqla 10 xal toplamağı bacarıb ki, bu da Avropanın "top-5" liqalarında ən yüksək göstəricidir. Hər qol komandaya 2,5 xal qazandırıb. 

8-ci turda qeydə alınan nəticələr:

"Latsio" - "Atalanta" - 3:3

"Napoli" - "Verona" - 2:0

"Yuventus" - "Bolonya" - 2:1

"Sassuolo" - "İnter" - 3:4

"Kalyari" - SPAL - 2:0

"Sampdoriya" - "Roma" - 0:0

"Udineze" - "Torino" - 1:0

"Parma" - "Cenoa" - 2:2

"Milan" - "Leççe" - 2:2

"Breşiya" - "Fiorentina" - 0:0
 


Çempionatın iki komandası - "Milan" və "Sampdoriya" bu həftə yeni baş məşqçilərinin rəhbərliyi altında ilk oyunlarına çıxmışdılar. İstər Stefano Pyoli, istərsə də Klaudio Ranierinin debütü uğurlu alınmadı. Hər iki məşqçinin komandası mövsümdə ilk heç-heçələrinə imza atdılar. Uğursuz oyunlar seriyasını bu tur da davam etdirən "Cenoa" isə "Parma"dan aldığı ağır məğlubiyyətdən sonra Aurelio Andreatsoli ilə yolşarını ayırmalı oldu. "Genuyalılar"ın yeni baş məşqçisi Tiaqo Motta olacaq. Mövsümə uğurlu başlanğıc edən Sardiniya təmsilçisi "Kalyari" bu həftə də qələbə qazanmaqla cari mövsümdəki xallarının sayını 14-ə yüksəltdi və bu, 3 xallı sistemdə komandanın ən uğurlu göstəricisidir. "Napoli" isə yığmaların oyunlarına görə yaranan fasilələrdən sonra keçirdiyi ardıcıl 12-ci oyunda da məğlub olmadı: 9 qələbə, 3 bərabərlik. "Breşiya" 1992/93 mövsümündən sonra ilk dəfə çempionatın ilk səkkiz oyununda üç oyunda qapısını toxunulmaz saxlamağı bacardı.
 


A Seriyasının səkkizinci turunun oyunlarını ümumilikdə 272 min 957 nəfər azarkeş izləyib. Bu çempionatın üçüncü həftəsindən sonra cari mövsümdə ən yüksək göstəricidi. Ən çox azarkeş yenə də "San Siro"da müşahidə olundu. Ən az azarkeş isə "Ennio Tardini"də idi. Stadionun ümumi tutumuna görə Turin və Sardiniyada anşlaq yaşandı. Belə ki, hər iki stadionda yerlərin 97%-i dolmuşdu. 

A Seriyasının 8-ci həftəsində müşahidə olunan azarkeş statistikası:

"Latsio" - "Atalanta" - 35 000 (48%)

"Napoli" - "Verona" - 38 686 (64%)

"Yuventus" - "Bolonya" - 40 461 (97%)

"Sassuolo" - "İnter" - 17 935 (76%)

"Kalyari" - SPAL - 15 713 (97%)

"Sampdoriya" - "Roma" - 20 111 (55%)

"Udineze" - "Torino" - 24 049 (96%)

"Parma" - "Cenoa" - 15 299 (55%)

"Milan" - "Leççe" - 48 703 (61%)

"Breşiya" - "Fiorentina" - 17 000 (87%)

Baş tutan 10 oyunda kobudluqlara görə hakimlər 56 dəfə vərəqə (orta hesabla hər oyuna 5,6) üçün əllərini ciblərinə salmalı olublar. Bunlardan yalnız birinin rəngi qırmızı (orta hesabla 0,1) idi. Ən çox vərəqənin göstərildiyi oyun isə Sardiniyada baş tutan "Kalyari" və SPAL arasındakı qarşılaşma idi. Belə ki, oyunu idarə edən Daniele Çiffi futbolçulara 9 sarı vərəqə göstərdi.
 


Kifayət qədər məhsuldar alınan həftə bir çox futbolçunun şəxsi statistik göstəricilərinə görə də yadda qaldı. "Udineze"nin qol silahı Stefano Okaka vurduğu qolla komandasına qələbə gətirməklə yanaşı, A Seriyasındakı ardıcıl 5-ci oyununda 6-cı qoluna imza atdı. Lukaku Dieqo Militodan sonra (2009) "İnter"in mövsümün ilk 4 səfər oyununda 4 və daha çox qola imza atan ilk futbolçusu oldu. Vurduğu hər qolla rekorda imza atan Kriştianu Ronaldu bu tur da fərqlənməklə 3 xallı sistemdə A Seriyasında 25 qol səddini 38 oyunda aşaraq, sözügedən göstəriciyə daha az oyuna çıxmaqla imza atan beşinci futbolçu kimi tarixə düşdü. Bu səddi aşmaq üçün Montellaya 31, Ronaldoya 32, Dieqo Milito və Şevçenkoya 33 oyun  kifayət etmişdi.
 


Bu həftə vurduğu beş qolla yadda qalan "Parma" 2018-ci ilin oktyabr ayından sonra ilk dəfə bir oyunun ilk hissəsində üç dəfə fərqlənməyi bacardı. "Parma"nın həmin oyunu da "Cenoa"ya qarşı olmuşdu. Beş qoldan üçünə imza atan Kornelius Amauridən sonra ("Torino", 2013)  A Seriyasında het-trik edən ilk "Parma" futbolçusu oldu. Bu tur mövsümün rəqib qapılarına ən az zərbə endirən iki komandasının qarşılaşması ilə yadda qaldı. "Milan" təkcə ilk hissədə rəqib "Leççe"nin qapısına 12 zərbə endirdi. Bu, "rossonerilər" üçün mövsümün rekordu idi. 8 oyundan sonra 10 xal toplayan "Milan" 2012/13 mövsümündən sonrakı ən bərbad start göstəricisi ilə diqqət çəkir. Həmin mövsüm "qırmızı-qaralar" çempionatı üçüncü yerdə başa vurmuşdu. 

Bombardirlərin sıralamasına 9 qolla, komandasının "Atalata" ilə oyundakı geridönüşündə etdiyi dublla böyük pay sahibi olan İmobile başçılıq edir. (ardı var)



OXŞAR XƏBƏRLƏR