Şıxlarovun son arzusu

Şıxlarovun son arzusu

Amal ABUŞOV 
 
Azərbaycan futbolunun dəyərli, əvəzolunmaz veteranlarından biri Səmədağa Şıxlarov vəfat etdi. Özü də hansısa xəstəlikdən yox, ani bir qəzanın, kiminsə ehtiyatsızlığı, diqqətsizliyi nəticəsində baş verən faciənin nəticəsində.
 
Cəmi 66 il ömür sürdü. Bu müddətə xeyli uğurlar, qələbələr, zəfərlər sığdırdı. Əminliklə söyləmək olar ki, Səmədağa Şıxlarov adını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdırıb. Bu cür ifadələri şablon səsləndiyi üçün çox sevməsəm də, reallıq onu deyir ki, Şıxlarovun keçdiyi ömür yolu bir çox azərbaycanlı gənc və yeniyetmə üçün nümunədi. Təəssüflər olsun ki, sağlığında layiq olduğu diqqəti görmədi, haqq etdiyi qiyməti almadı. Şıxlarov 66 illik həyatına təkcə uğurlar, yaşıl meydanlarda qələbələr sığdırmadı. Həm də dəfələrlə xəstəxana palataları, ağxalatlı həkimlər gördü. Yaşamaq uğrunda mübarizə apardı, həyat eşqi onu dəfələrlə uzandığı cərrah masasından sağ-salamat ayağa qaldırdı, səhhətindəki problemlərə qalib gəlməyi bacardı. Çox təəssüf ki, bu qədər ağır cərahiyyə əməliyyatı keçirən, həyat savaşından qalib çıxan Şıxlarov ani bir qəzanın qurbanına çevrildi, bu dünyadan nakam köçdü. 66 yaş nədi ki?! Özü də nakamlıq təkcə insanın cavan yaşda dünyadan köçməsi deyil. Nakam ölüm insanı qəfil yaxalayan, arzularını yarımçıq qoyan, əzizlərinə son söz deməyə, onlarla vidalaşmağa imkan verməyən ölümdü. Səmədağa Şıxlarov kimi istedadlı bir insanın bu şəkildə həyatdan köçməsiylə barışmaq çox çətindi. Bir tərəfdən də düşünürsən ki, nə etmək olar, qəzadan heç kim "sığortalanmayıb”...

Şıxlarovla xüsusi tanışlığım, şəxsi münasibətim ilə öyünə bilmərəm. Baxmayaraq ki, həmyerlim idi, real həyatda yollarımız çox da kəsişməmişdi. Bir dəfə "Qəbələ”ni Almaniyanın Dortmund şəhərinə aparan təyyarədə qarşılaşmışdıq. Bu hadisə də 2015-ci ilin noyabrına təsadüf etmişdi. Elə ordaca öyrənmişdim ki, Almaniyada yaşayan oğlunu görmək üçün fürsət yaranıb və buna görə də "Qəbələ” rəhbərliyindən səfərə yollanmaq üçün şərait yaradılmasını xahiş edib. Sevindirici haldı ki, "qırmızı-qaralar”ın rəhbərliyi bu istəyi geri çevirməmiş, Şıxlarovun oğlu ilə görüşə bilməsi üçün "Qəbələ”ni səfərə aparan çarter reysində yer almasına şərait yaratmışdı. Ürəyimin dərinliklərində bu savab əmələ, atanın qürbətdə yaşayan oğluna qovuşması üçün şərait yaratmasına görə "Qəbələ”nin rəhbərliyinə təşəkkür etmişdim də. Nazim Süleymanovun Vladiqafqazda keçirilən yubiley tədbirləri zamanı da yolumuz kəsişmişdi. Düzdü, AFFA rəhbərliyinin ayırdığı avtobusda jurnalistlərə "yer tapılmamışdı”. Biz həmin vaxt üç həmkarımla birlikdə yola çıxmış, taksiylə özümüzü Şimali Osetiyaya çatdıra bilmişdik. Səmədağa bəy də səhər tezdən Nazim Süleymanov və onun dostu Əziz Zeynalov ilə birlikdə Terek çayının sahilində gəzintiyə çıxmışdılar. Azərbaycandan jurnalistlərin gəldiyini görmüş, xeyli sevinmişdi. Orda imkan tapıb söhbətləşib, deyib-gülmüşdük də.

Bundan bir neçə il sonra telefonla ona zəng etmişdim, icra etdiyim layihə çərçivəsində Azərbaycan futbolunun problemləri ilə bağlı söhbətləşmək istəyirdim. Sualımı bir qədər əsəbi qarşıladı, "mən hazırda Həndbol Federasiyasında işləyirəm, hənboldan danışa bilərəm. Futbolun problemlərini AFFA-da işləyənlərdən soruşun” dedi. Hiss etdim ki, diqqətsizlik, futboldan uzaq saxlanılması onu xeyli incidib. Bu inciklik həm də idman mətbuatındandı. Onu unutduğumuzu, yetərincə dəstək vermədiyimizi düşünürdü. Söhbətin davamında hirsini soyuda bildim, xeyli dərtləşdik. Həm ötən günləri xatırladı, həm də günümüzün problemləri ilə bağlı fikirlərini açıqladı, çıxış yollarını nədə gördüyünü sadaladı. Təəssüf ki, həmin problemlərin həll olunduğu günləri görmədi. Nəinki problemlərin həll olunduğunu, heç ona AFFA tərəfindən cəhd edildiyini də görmək Şıxlarovun qismətində deyilmiş. Heç şübhə etmirəm ki, ötən ilin martında keçirdiyi ağır ürək əməliyyatından sonra əhvalı düzəlmişdi. Yenidən əvvəlki əzmi, həvəsiylə Azərbaycan futboluna töhfə vermək, futbolumuzun dirçəlməsi, problemlərin həll edilməsi üçün çalışmaq istəyirdi. Onu yaşamağa həvəsləndirən, enerji mənbələrindən birinə çevrilən arzuların içində məhz bu arzu da var idi. Çox təəssüf ki, bu arzunu reallaşdırmaq mümkün olmadı.

Təəssüf etdiyim təkcə Şıxlarovun son arzusunun gerçəkləşməməsi, nakam ölümə yaxalanması deyil. Aldığım məlumata görə, nə rəhmətliyin cənazəsi Şirvan şəhərinə yola salınanda, nə də "Neftçi”nin köhnə bazasında futbol ictimaiyyətinin toplaşdığı yas mərasimində AFFA-nı təmsil edən rəhbər şəxslərdən heç kim iştirak etməyib. Şıxlarov Azərbaycan futbolunun tanınmış və istedadlı simalarından biri idi. Çoxdumu belə futbol veteranımız? Səmədağa Şıxlarov ən azı SSRİ məkanında adından söz etdirən, ittifaq miqyasında tanınmağı bacaran azərbaycanlılardan idi. Onun faciəvi qəzaya qurban getdiyi gün Azərbaycan millisi Belarusla yoldaşlıq oyunu keçirirdi. Şıxlarovun anımı, ruhu qarşısında borcumuzdan çıxmaq üçün birdəqiqəlik sükutun elan olunması, futbolçuların qara sarğıyla meydana çıxması üçün cəhd göstərilə bilərdi. İnanmıram ki, adi bir yoxlama görüşündə buna etiraz edən olaydı. Təəssüf ki, Səmədağa Şıxlarov sağlığında olduğu kimi, dünyasını dəyişəndən sonra da layiq olduğu qiyməti ala bilmədi. Amma bu laqeydlik onu azarkeşlərin yaddaşlarından silə bilməyəcək. Biz sizi rəhmətlə anırıq, Şıxlarov!
 
Mənbə: "Futbol+" qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR