Amal ABUŞOV
Ötən həftə AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans
formatında iclası keçirildi. Konfransdan sonra da AFFA-nın icraçı vitse-prezidenti
və baş katibi Elxan Məmmədov onlayn formatda jurnalistlərin suallarını
cavablandırdı.
Bəribaşdan deyim ki, çox üzrlü səbəbdən həmin
onlayn mətbuat konfransında iştirak edə bilməmişəm. Dostlar bilir, sonra
vaxtlar ölkəmiz adına daha vacib işlərin yerinə yetirilməsində öz köməyimi göstərirəm.
Bu səbəbdən də vaxtım xeyli məhduddu. Amma imkan tapan kimi həm futbol
dünyasında baş verənləri təqib və analiz edirəm, həm də fikirlərimi
oxucularımızla mütamadi bölüşməyə çalışıram. Bütün bunları ona görə yazdım ki,
kimlərsə Elxan Məmmədovun onlayn mətbuat konfransına qatılmamağımda başqa məna axtarmasın.
İllərdi AFFA-nın mətbuat xidmətinə müraciət edirəm, cənab Məmmədovdam şəxsən
müsahibə götürmək istəyimi bildirirəm. Öz nəzarətində olan saytlara dürlü-dütlü
açıqlamalar verən Elxan bəy bizimlə görüşdən yayınır. Bu cür onlayn
konfranslar, ümumi brifinqlər isə həm vaxt məhdudiyyəti, həm də geniş manevr
qabiliyyətli Məmmədovun sürüşkən cavabları səbəbindən eyni effekti vermir.
Qayıdaq Elxan Məmmədovun həmin onlayn mətbuat
konfransı zamanı verdiyi cavablardan birinə. AFFA-nın vitsesi və baş katibi Hakimlər
və Hakim İnspektorlar Komitəsinin avstriyalı sədri Fritz Ştuxlikin müqaviləsiylə
bağlı suala belə cavab verib: "Ştuxlikin müqaviləsi 2021-ci ilin sentyabrında
başa çatacaq. Mövsüm bitəndən sonra 2 ay ərzində bu məsələyə baxılacaq və əlavə
məlumat olacaq. Sədr olaraq, 4 illik dövr təsdiq olunur. İcraiyyə Komitəsi tərəfindən
Ştuxlik təsdiqlənib. Müqavilə ilə bağlı müəyyən problemlər yaransa, müzakirə
olunacaq. Müqaviləyə hər iki tərəf xitam verə bilər. 4 il müddətində hər il
müqavilə avtomatik olaraq uzadılır. Bunun üçün İcraiyyə Komitəsinin iclasına
ehtiyac yoxdur”.
Yenə də yalan, özü də ağ yalan. Əvvəla, Azərbaycan
futbolunun və hakimliyinin hazırkı səviyyəsi hansısa əcnəbi sədrə ehtiyac
yaratmır. Nə gərin çempionatlarımız var, nə də hər gün üzə çıxarılan
istedadlarımız. Koronavirus pandemiyası həm maddi, həm də mənəvi problemləri
özüylə gətirib. Azərbaycanda futbol gah dayandırılır, gah da oynanılır.
Tribunada azarkeş, turnir cədvəlində gərginlik də yoxdu. Üstəlik, iqtisadi
problemlərimiz xirtdəyə qədərdi. 44 günlük ağır Vətən müharibəsi ölkə
iqtisadiyyatına öz təsirini göstərib. İşğaldan azad olunan torpaqlarımızın bərpası
xeyli vəsait tələb edir. Ölkə olaraq hər bir qəpiyin qədrini bilməli, onu
faydalı işlərə yönəltməliyik. Bəs AFFA nə edir? Azərbaycanın neft pulları Canni
De Byazinin, Fritz Ştuxlikin, Milan Obradoviçin bank hesablarına axıdılır.
2018-ci ilin sentyabrında Ştuxlik təyinat alarkən şəxsən
Elxan Məmmədov bunları demişdi: "UEFA ilə müzakirələr aparılırdı. Bizə
bildirildi ki, inkişaf sürətiniz çox zəif gedir. Elit təbəqədə hakimlərimiz
yoxdur. Yalnız Əliyar Ağayev var. Biz bu sayı çoxaltmalıyıq”. Nooldu, cənab Məmmədov?
Sayı çoxaltdıqmı? İnkişaf sürətimiz artdımı? Əliyar Ağayevdən başqa ortaya
hakim çıxarmağınız bir tərəfə, onlarları da məhv etdiniz, pərən-pərən saldınız.
Bütün bunların fonunda Ştuxliklə müqavilənin hər ay artırılması, onun yağ içində
böyrək kimi bəslənilməsi nəyə xidmət edir?
Təkzib olunmayan rəqəmlərə görə, Fritz hər ay 20
min avro, təxminənn 40 min manat maaş alır. Onun gəlişindən sonra hakimlər üçün
təlim-məşq toplanışları keçirilmir. UEFA-dan hakimlərin hazırlığı və təminatı
üçün ayrılan pullar da ortadan qeyb olur, azərbaycanlı hakimlər adicə bloknot və
qələmi öz pulları ilə alırlar. Olmaya, Məmmədovla Ştuxlik əlbir olur, UEFA-nın
azərbaycanlı hakimlər üçün ayırdığı pulları da özləri bölüşdürür? Özləri demiş,
niyə də yox?!
Sport7.az