“Transfer siyasəti yoxdu, skaut sistemi çalışmır” –

“Transfer siyasəti yoxdu, skaut sistemi çalışmır” – "Forza “Neftçi”nin rəhbəri

Bu mövsüm Çempionlar Liqasında azərbaycanlı azarkeşlərin üzünü güldürməyə çalışacaq "Neftçi" hazırlıqlarını davam etdirir. Ancaq turnirdəki çıxışına az müddət qalmasına baxmayarq komandanın indiki durumu hələ də narahatlıq doğurur. Ölkəni ÇL-də təmsil edəcək komandanın heyəti cəmi iki legionerlə gücləndirilib. Yaponiyalı ulduz Keysuke Honda da daxil olmaqla çempion heyəti tərk edənlərin sayı isə daha çoxdu. Bu kimi məqamlara münasibətlərini öyrənmək üçün "Neftçi"nin ən fəal azarkeş qrupu olan "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevlə danışdıq.

Əliyev Sport7.az-a açıqlamasında bunları söylədi: "Hazırlıqlarla yaxından maraqlanırıq. Sevimli komandamızdı, ancaq çox şeydən narazıyıq. Qış fasiləsində deyirlər ki, yaxşı futbolçu tapmaq olmur. İndi yaydı, oyuna 10 gün qalıb. Toplanış üçün yaxşı yer seçiblər. Amma oyunçu yoxdu. İki futbolçu ilə düzələsi işlər deyil. Bu "Neftçi"di, flaqmandı. Bunların niyə belə gecikdikləri bizə də çox maraqlıdı. Hər şey əvvəlcədən planlaşdırılmış şəkildə, klubun proqramı olmalıdı. Biz azarkeş qrupuyuq, hər bir alternativlərimiz olur. Heyətdən bu qədər futbolçu gedib. Sabah ulduz da gətirsən, komandaya uyğunlaşma dövrü keçməlidi. Necə olacaq?
 
Komanda dayanıb. Ola bilər ki, bir mərhələ keçərik, "Olimpiakos"la oyuna qədər yeni futbolçu gətirərlər. İstənilən halda gecdi. Bunlar hamısı planlı şəkildə olmalıdı. "Neftçi" azarkeşi haqlı olaraq transfer tələb edir. Sən axı xeyli oyunçu göndərmisən. Samir Abasova güvənirik. Amma o yazığa da kömək lazımdı. Gəldi, nədənsə bir şeylər düzəltdi, komandanı çempion elədi. Samir müəllim gələndə heç kim "Neftçi"nin çempion olacağını düşünməzdi. Amma o komandanı çempionluğa daşıdı. Nəticə nə olur olsun, biz onun arxasındayıq, dəstək lazımdı. Sadəcə, hazırkı durum bizi narahat edir".

Sübhan bəy iki transferin komandaya kifayət etməyəcəyini düşünür: "Əlbəttə ki, kifayət etməyəcək. Hər şeyi qoyaq bir kənara. Neçə futbolçunu göndərib, əvəzində az oyunçu gətiriblər. İkincisi, illərdi etdikləri səhvləri təkrarlamamalarını, yəni oyuna 3-4 gün qalmış hardan oldu futbolçu tapıb gətirmələrini istəmirik. Şəxsən özüm analiz etmişəm, Sloveniyada oyunçu tapmaq çətindi. Amma Antalyada olanda azad agent futbolçuların özləri gəlirdilər. Sanki, klubda transfer siyasəti yoxdu, skaut sistemi çalışmır, çox zəifdi. Ceyhun Sultanov "Neftçi"də çalışanda, gətirdiyi futbolçulardan uğursuzlarla yanaşı, uğurluları da olub. O gətirdiyi futbolçuların 70 faizi komandanı çempionluğa apardı. Bu gün həmin sistemdə böyük zəifləmə var. "Axtarırıq”, "Səhv etmək istəmirik” kimi sözlər keçmir. Sən bunu 1 il ərzində axtarmalısan, iş görməlisən. İşin bundan ibarətdi, çünki hədəflərin var”.

Mövsüm bitəndən sonra Honda kimi ulduzla yanaşı, komandanı çempionluqda payı olan bir sıra futbolçular tərk etdi. Əliyev onlardan bəzilərinin yerinin dolmadığını bildirdi: "Şəxsi fikrimdi, dünən izlədiyim oyuna əsasən deyə bilərəm ki, ən böyük axsaqlıq Anton Krivotsyukun mövqeyindədi. Həmin mövqedə çatışmazlıq dərhal hiss olunur. Çünki həmin mövqeyə oyunçu tapmaq çətindi. Azərbaycanda da bu sarıdan qıtlıq var. "Neftçi” yarımmüdafiənin mərkəzinə futbolçu gətirməməlidi. Çünki əsas axsayan mövqelər hücumla müdafiədi. Harramizi gətiriblər, düzdü, oyunçuya bir oyunla qiymət vermək olmaz. Yusif Laval da gələndə zəif idi, o cümlədən Buqrin oynamırdı. Uyğunlaşma prosesini keçər yaxşı olar yəqin ki. Amma dünən baxdığımız oyunda Harramiz zəif göründü, hücumçu kimi qeyri-adi bir şey edə bilmədi. Ötürmə vermək, topu qəbul etmək – bunlara adaptasiya lazım deyil. Namiqlə Eminin ümidinə nə qədər qalacağıq? Onlar da sabah zədələnə, qırmızı vərəqə görə bilər. Namiq başqa kluba transfer ola bilər. Komanda iki futbolçudan ibarət deyil axı. Görün necə vəziyyət yaranmışdı ki, "Neftçi” hücumçusuz çempion oldu. Komanda yiyəsiz, sahibsiz deyil, hücumçu tapmaq lazımdı. Mirabdullanın ümidinə nə qədər qalmaq olar? Bu işi görməli olanlar gecikirlər”.

Maraqlıdı, azarkeşlər "Dinamo” ilə matçda "Neftçi”yə tribunadan dəstək olmaq üçün Gürcüstana getməyi planlaşdırıblarmı?: "5-10 nəfər Gürcüstana getmək üçün şəxsən mənə müraciət edib. Hətta, bildiyimə görə püşkatmadan sonra bilet də almışdılar. Sadəcə UEFA-nın qərarı bizi məyus etdi. Qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq. AFFA-dan Firuz Abdullanın dünənki danışığına qulaq asdıq, belə başa düşdük ki, burdakı oyuna da azarkeş buraxılmayacaq. Bu dövlətin verdiyi qərardı. Klublar, PFL, AFFA istəsə belə bunu dəyişə bilmir. Ona görə də məyus olmuşuq. Qrupumuzun sabah iclası var. Çox güman ki, müzakirələr aparıb, nə edəcəyimizə qərar verəcəyik. Çox güman, Gürcüstanda azarkeşlərimizdən kimlərsə komandanın yanında olar. Bilet alan azarkeşlərimiz var. Qonaq sektorda da olmasa, yəqin ki, gedib tribunada hardasa oturub oyuna baxarlar. Özünüz də gördüz komandanı "Qarabağ”la oyuna necə yola saldıq. Bizə çox çətindi. TV qarşısında oyunlara baxan deyilik, ona görə də uşaqlar məyus olurlar, sıxılırlar. Arzularımız var idi. Baxırsan ki, bu gün dünyanın hər yerində stadionlar açılır, azarkeşlər tribunalara buraxılır. Avropa çempionatında stadiona 40 min nəfər azarkeş buraxılır. Amma ölkə çempionatına 4-5 min azarkeş buraxılmaması bizə çox pis təsir edir. "Turistə olar, bizə yox” prinsipi düzgün deyil. Komandamıza sahib çıxmaq istəyirik. Biz TV qarşısında fanat olmamışıq axı. "Neftçi” üçün 10 min kilometr yol gedib-gəlmiş adamlara belə hallar çox pis təsir edir”.

Sübhan bəy "Neftçi”nin Sloveniya toplanışını yaxından izləmək üçün sözügedən ölkəyə dəstəkçi yollanıb-yollanmaması ilə bağlı sualı belə cavablandırdı: "Nə yalan deyim, yoxdu. Əslində getmək istəyənlər var idi. Amma sonradan alındıra bilmədik. Toplanış Türkiyədə keçirilsəydi, orada azarkeşimiz olardı”. 

"Neftçi” fanatı Sloveniya toplanışdan sonra baş məşqçi və ya klub rəhbərliyi ilə görüş planlaşdırdıqlarını da bildirdi: "Mütləq planlaşdırmışıq. Hazırda transfer siyasətini izləyirik. Komanda gələndən sonra mütləq baş məşqçi, klub rəhbərliyi ilə görüşməyi düşünürük. Baş məşqçinin həmişə arxasındayıq. Bu sorğu-sualsızdı. Qrupumuzun qərarıdı ki, sona qədər Abasovu dəstəkləyəcəyik. Komandaya gətirilən futbolçularla əlaqədar  rəhbərliklə görüşümüz olacaq”.

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR