Vitse-prezident milli üzvlərinə müraciət etdi

Vitse-prezident milli üzvlərinə müraciət etdi

"Tokio-2020" Yay Olimpiya Oyunlarının təxirə salınması milli komandamızı ruhdan salmamalıdır.
 
Sport7.az xəbər verir ki, bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) koronavirus pandemiyası səbəbindən "Tokio-2020" Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi haqda qərar qəbul etməsini şərh edərkən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
 
Ç.Hüseynzadə bildirib: "Təbii ki, vacib olan atletlərimizin sağlamlığıdır. İdmançılarımızın oyunlarda iştirak əzminin yüksək olduğu bir şəraitdə BOK-un bu qərarı verməsi onların ruh yüksəkliyinə və hazırlıqları daha böyük inamla davam etdirmələrinə mane olmayacaq. İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcəkdir.”
 
Vitse-prezident qeyd edib ki, MOK Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan fəaliyyəti dəstəkləyir. MOK öz işini reallaşdırılan bu fəaliyyətin məcrasında davam etdirməyi planlaşdırır.
 
MOK rəsmisi xüsusi olaraq vurğulayıb ki, atletlərimizin sağlamlığını prioritet məsələ kimi əsas götürərək idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi, Azərbaycanda sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanla məşğul olmağın əhəmiyyəti, Olimpiya hərəkatının təbliği, Olimpiya lisenziyalarının sayının artırılması istiqamətində fəaliyyət də davam etdiriləcək.
 
"Güman edirəm ki, insanlığın koronavirus pandemiyası ilə mübarizəsi qarşıdakı həftələr ərzində öz müsbət nəticələrini verəcək, tezliklə həyat özünün normal axarına dönəcək", - deyə MOK-un vitse-prezidenti əlavə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR